Yeniliklər

Yaşlıların hüquqları və ombudsman və vasitəçi institutlarının rolu mövzusunda beynəlxalq konfrans

1 oktyabr BeynəlxalqYaşlılar Günüdür. Hər il Birləşmiş Millətlər Təşkilatı bu günə fərqli bir mövzu ilə müraciət edir. Bu il Beynəlxalq Yaşlılar Gününün mövzusu “Dəyişən dünyada yaşlıların davamlılığı”dır. 27 sentyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Aralıq Dənizi Ombudsmanları Assosiasiyası (AOM) ilə birgə ev sahibliyi etdiyi beynəlxalq konfrans bu məsələlərə və yaşlıların hüquqlarının müdafiəsi məsələlərinə həsr edilmişdir.

Beynəlxalq konfransın mövzusu “Yaşlıların hüquqları və ombudsman və vasitəçi institutlarının rolu” olub. Aralıq dənizi üzrə Ombudsmanlar Assosiasiyasının (AOM) missiyası Aralıq dənizi ölkələrində fundamental hüquqları təşviq etmək və qorumaqdır. Bu əməkdaşlıq müxtəlif ombudsman və vasitəçi institutlarının təcrübəsinin standartlaşdırılmasına və üzvlər arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə kömək edir.

Konfransa dəvət olunmuş ombudsmanlar və insan hüquqlarının müdafiəsi institutlarının nümayəndələri milli, regional və beynəlxalq səviyyədə yaşlıların hüquqlarının müdafiəsi sahəsində öz təcrübələrini, qabaqcıl təcrübələrini və təşəbbüslərini bölüşüblər.

Nino Lomcaria çıxışında qeyd edib ki, yaşlıların hüquqlarının müdafiəsi və təşviqi Gürcüstanın Xalq Müdafiəçisi Aparatının mühüm fəaliyyət istiqamətlərindən biridir. Xalq Müdafiəçisi həm milli, həm beynəlxalq, həm də regional səviyyədə yaşlı insanların hüquqlarının müdafiəsi sistemindəki boşluqlara diqqət çəkir.

“Bugünkü konfrans da bu fəaliyyətin nümayişidir və hesab edirəm ki, analoji tədbirlər yaşlıların hüquqlarının müdafiəsi mexanizminin gücləndirilməsi, onların hüquqları ilə bağlı maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Xalq Müdafiəçisi qeyd edib.

O, həmçinin 2010-cu ildən yaşlı insanların insan hüquqlarına dair beynəlxalq çərçivənin yaradılması istiqamətində fəaliyyət göstərən BMT Baş Assambleyasının Yaşlanma üzrə Açıq İşçi Qrupu (OEWG) haqqında danışıb. İşçi qrupu çərçivəsində Gürcüstanın Xalq Müdafiəçisi Aparatı hər il fəal iştirak edir və ölkədə yaşlıların hüquqi statusu ilə bağlı müvafiq hesabatlar təqdim edir.

Xalq Müdafiəçisi konfransa verdiyi dəstəyə görə Aralıq dənizi Ombudsmanları Assosiasiyasına xüsusi təşəkkürünü bildirib.

Konfransın açılışında Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarjveladze ahılların hüquqlarının müdafiəsi istiqamətində Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ilə sıx əməkdaşlıqdan danışıb.

Konfransda Aralıq dənizi üzrə Ombudsmanlar Assosiasiyasının (AOM) prezidenti və Yunanıstanın Ombudsmanı doktor Andreas Potakisin və Qərbi Avstraliyanın Ombudsmanı, Beynəlxalq Ombudsman İnstitutunun (IOI) prezidenti cənab Kris Fildin videoçarxaları dinlənilib.

Konfransda iki əsas məsələ müzakirə olunub: 1. Covid-19 pandemiyasının yaşlı insanlara və ombudsman/vasitəçi fəaliyyətinə təsiri və 2. Rəqəmsal dünyada yaşlı insanların insan hüquqları – problemlər və imkanlar. Tematik sessiyalarda müzakirələrə Gürcüstan Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze rəhbərlik edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)